Nazir müavini: Məzun iş axtarmalı deyil, iş yeri açmağı düşünməlidir VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Bu gün əsas trend odur ki, məzun iş axtarmamalıdır, məzun iş yeri açmağı düşünməlidir. Bu gün “Sabahın alimləri” olaraq ayrı-ayrı layihələri təqdim edirsiniz. Siz layihələriniz əsasında innovasiyaya məhsul yarada bilməlisiniz. Məhsulunuz səmərə gətirərsə, o zaman innovasiyadır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib.
Nazir müavini bildirib ki, “Sabahın alimləri” layihəsi elm, yaradıcılıq, innovasiyalarla bağlıdır: “Müasir cəmiyyətin inkişafı mərhələsi innovasiya tərəqqisinin sürətlənməsi ilə xarakterizə olunur və süni intellekt sistemləri bu prosesin əsas hərəkətverici qüvvələridir. Hazırda daha çox müasir texnologiyaları inkişaf etdirən ölkələr ABŞ, Çin, Yaponiya və Cənubi Koreyadır. Bunlar texnoloji inkişafın qabaqcıl ölkələridir. Araşdırmalar göstərir ki, qeyd etdiyim ölkələrdə ən yüksək texnoloji istiqamət süni intellektlə bağlıdır. Son məlumatlara görə, hazırda dünyada 600 mindən çox robotlaşmış sistemlər, 4 milyondan çox sənaye robotları var. Bu gün 10 min işçiyə Cənubi Koreyada 1100 robot düşür, bu da dünyada ən yüksək göstəricidir. Süni intellekt sistemlərinin inkişafı ölkənin rəqabət qabiliyyətinin artırılması, cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və gələcək risklərin minimuma endirilməsi baxımından ən mühüm strateji istiqamətlərdən biridir.
Süni intellekt insanlara düzgün yol göstərməyə çalışır. O, mənfi obraz yox, müsbət obrazdır. Sizdən tələb olunur ki, süni intellektə düzgün sual verəsiniz və o sizə düzgün yol göstərsin”.
Aysel Azadqızı - müxbir
Mirrəsul Cəfərov - operator
İlkin Cavanşirov - fotoqraf