Ailə münaqişəsi zəminində qadınlara qarşı törədilən cinayətlər azalıb VİDEO
Bakı, 4 mart, AZƏRTAC
Ötən il ailə münaqişəsi zəminində qadınlara qarşı törədilən cinayətlərin sayında azalma müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bunu daxili işlər nazirinin müavini İsmət Əliyev parlamentdə keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, qeydə alınmış ümumi cinayətlərin yalnız 8,2 faizi qadınlara qarşı zorakılıq faktları təşkil edib. Habelə, məişət zorakılığı ilə bağlı qeydə alınmış 1396 cinayət işi üzrə 1413 zərərçəkmiş şəxs müəyyən edilib. Məişət zorakılığı zəminində törədilən cinayətlərdən 1202-si qəsdən sağlamlığa yüngül zərər vurma, 64-cü qəsdən sağlamlığa az ağır zərər vurma, 53-cü isə qəsdən adam öldürmə ilə bağlı olub.