Rizvan Nəbiyev: Türkman irsi təkcə keçmişin araşdırılması deyil, həm də canlı dəyərlər sistemidir VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bizi Yaxın Şərqdə yaşayan türk qardaşlarımızla, xüsusilə türkmanlarla dilimiz, dinimiz, mədəniyyətimiz, ortaq etnik kökümüz və bu əsaslar üzərində formalaşan irsimiz vasitəsilə birləşdirir. Bu irs təkcə keçmişin araşdırılması deyil, həm də bu gün yaşayan canlı dəyərlər sistemidir.
Bunu AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
"QHT-lərə Dövlət Dəstəyi Agentliyi olaraq biz bu istiqamətdə mühüm platformalar təqdim edirik. Əgər xalqları birləşdirən ədəbiyyat və folklordan danışırıqsa, böyük Azərbaycan şairi Məhəmməd Füzulini xüsusilə qeyd etməliyik. Eyni zamanda Füzuli irsinin tədqiqində böyük xidmətləri olmuş türkman alimi Əta Tərzibaşı və Azərbaycan ədəbiyyatşünası, görkəmli yazıçı Mir Cəlal Paşayevin araşdırmaları xüsusi əhəmiyyət daşıyır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Mir Cəlal Paşayev öz elmi fəaliyyətini Füzuli yaradıcılığının tədqiqinə həsr etmiş, 1928–1942-ci illər arasında apardığı araşdırmalar sonradan 1958-ci ildə monoqrafiya şəklində nəşr olunub. Həmçinin Əta Tərzibaşı da Füzuli ilə bağlı çoxsaylı elmi əsərlərin müəllifidir.
"Vacib məqamlardan biri də ondan ibarətdir ki, Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” adlı əsəri böyük alman alimi Mixael Raynhard Hes tərəfindən alman dilinə tərcümə olunaraq Almaniyada nəşr edilmiş və bu gün bir sıra Avropa kitabxanalarının fondlarında və kataloqlarında yer almaqdadır", - deyə deputat vurğulayıb.
O diqqətə çatdırıb ki, Füzuli yaradıcılığı Türk dünyasının, o cümlədən Azərbaycan və türkman ədəbi irsinin mühüm təcəssümüdür. Bu irs təkcə regionda deyil, Avropa akademik mühitində də tanınır və tədqiq olunur. Xüsusilə son illərdə Azərbaycanın mədəniyyət və ədəbiyyatının beynəlxalq təbliği istiqamətində görülən işlər bu irsin daha geniş coğrafiyada tanıdılmasına mühüm töhfə verir.