Kərim Tahirov: Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatını ilk dəfə tam və dolğun formada oxuculara təqdim edilib VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatı Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə yenidən nəşr olunub. Bu nəşrin əvvəlkilərdən əsas fərqi ondan ibarətdir ki, sovet dövründə tarixi ədalətsizlik nəticəsində stenoqrafik hesabata daxil edilməmiş Azərbaycan və digər türk dillərindəki məruzələr ilk dəfə tam şəkildə bərpa edilərək nəşrə daxil edilib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyib.
K.Tahirov diqqətə çatdırıb ki, həmin dövrdə qəzetlərdə dərc olunmuş materiallar toplanıb, sistemləşdirilib və Türk dünyasının görkəmli ziyalıları – Əli bəy Hüseynzadə, Bəkir Çobanzadə, Körpülüzadə və digər alimlərin məruzələri orijinal dillərində tam şəkildə bu nəşrə əlavə olunub.
O, Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatının ilk dəfə tam və dolğun formada oxuculara təqdim edildiyini deyib: “Birinci Türkoloji Qurultaya həsr olunmuş fundamental biblioqrafiyada son yüz il ərzində dünyanın müxtəlif ölkələrində, xüsusilə Türk dünyasında qurultayla bağlı çap edilmiş bütün əsas kitablar, məqalələr və digər elmi materiallar bir araya gətirilib. İnanıram ki, bundan sonra da Türk dünyası ölkələri arasında əməkdaşlıq daha da genişlənəcək, ortaq elmi və mədəni əlaqələr möhkəmlənəcək, bu birliyin beynəlxalq nüfuzu və söz sahibi olması istiqamətində belə təşəbbüslər mühüm rol oynayacaq”.