Fərid Zeynalov: Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır VİDEO
Şuşa, 13 iyul, AZƏRTAC
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" və “Uşaqların zərərli informasiyadan qorunması” qanunlarında bir sıra mühüm dəyişikliklər layihə şəklində hazırlanıb, hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq təsdiqlənməsi üçün təqdim olunub. Bu, artıq son mərhələdədir. Qanunvericiliyin məqsədi məhdudlaşdırma tədbirlərini həyata keçirmək deyil, uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühitin yaradılması üçün istiqamətlənib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
“Bu qanunvericiliyin dəyişiklik mərhələsində bir sıra mexanizmlər nəzərdə tutulub. Belə ki, 16 yaşına çatmamış uşaqların ümumiyyətlə rəqəmsal platformalarda rəqəmsal hesab yaratmaqları qadağan edilir. 16–18 yaşarası yeniyetmələrin qeydiyyatdan keçməsi ilə bağlı onların valideynlərinin razılığı tələb olunur", - deyə o əlavə edib.