Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO
Bakı, 14 avqust, AZƏRTAC
“İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun çox gözəl nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bunu “China Media Group”unun Çin Radio və Televiziya Mərkəzinin direktoru Van Lu “İrs Keşikçisi” sənədli filminin Azərbaycan dilində təqdimat mərasimində çıxışı zamanı deyib.
Van Lu qeyd edib ki, bu təşəbbüs təxminən bir il əvvəl Pekində “China Media Group”da keçirilmiş yüksəksəviyyəli görüşdə irəli sürülüb.
O bildirib ki, həmin görüşdə "ARB 24" olaraq tərəfdaşı olmaqdan qürur duyduqları "China Media Group"un istehsalı olan "İrs Keşikçisi" filminin Azərbaycan dilinə tərcümə olunması və tamaşaçılara təqdim edilməsi təşəbbüsünü i̇rəli sürüb. “Bu gün isə həmin ideyanın artıq reallığa çevrildiyini görürük”.
“Çin zəngin və qədim mədəniyyətə malik ölkədir. Azərbaycan da minilliklərə söykənən böyük mədəni irsə sahibdir. Bizi birləşdirən məhz bu yanaşmadır: keçmişi qorumaq, onu yaşatmaq və gələcək nəsillərə çatdırmaq”, – deyə o bildirib.
“China Media Group”unun Çin Radio və Televiziya Mərkəzinin direktoru qeyd edib ki, filmin Azərbaycan dilində təqdim olunması medianın yalnız xəbər ötürən vasitə olmadığını, eyni zamanda, insanları və xalqları bir-birinə yaxınlaşdıran güclü körpü olduğunu göstərir.
O, “China Media Group”la əməkdaşlığın konkret nəticələrindən biri kimi bu layihənin əhəmiyyətini vurğulayıb: “Son dövrlərdə CMG ilə münasibətlərimizin inkişafından məmnunuq. Bizim üçün əməkdaşlıq yalnız hazır materialların mübadiləsi demək deyil. Əsas məsələ bir-birimizi daha yaxşı tanımaq, tamaşaçılarımıza digər ölkənin həyatı, insanları, mədəniyyəti haqqında daha çox məlumatlandırmaqdır”.
Van Lu bildirib ki, Azərbaycan tamaşaçısının Çin haqqında məlumat alması və bu məlumatları Azərbaycan dilində izləməsi belə əməkdaşlığın ən sadə və ən yaxşı nəticələrindən biridir.
Onun sözlərinə görə, filmin Azərbaycan dilində təqdim olunması media əməkdaşlığında bəzən böyük layihələrdən daha vacib olanın sadə ideyalar olduğunu da göstərir: “Əsas odur ki, o ideyaya diqqətlə yanaşılsın və onu həyata keçirmək üçün iradə olsun”.
Van Lu bildirib ki, bu layihə Azərbaycan və Çin mediası arasında əməkdaşlıqda növbəti mərhələnin başlanğıcı olacaq.
“Qarşıda Azərbaycan və Çin mediasının birlikdə həyata keçirə biləcəyi kifayət qədər maraqlı layihələr var. Birlikdə tarixi İpək yoluna, “Bir kəmər, bir yol” təşəbbüsünə, Orta Dəhlizə həsr olunmuş sənədli filmlər üzərində işləyə bilərik”, – deyə o əlavə edib.