Çindəki forumda Orta Dəhlizin Şərqlə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyətindən danışılıb VİDEO
Pekin, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Çindəki səfirliyini ziyarət edib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstəsi qoyub.
Nümayəndə heyəti Ümum-Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Şöhrət Zakir ilə görüş keçirib. Görüşdə Azərbaycan-Çin münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Şahin Mustafayev “Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026”nın açılış mərasimində, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yüksəksəviyyəli Görüşdə çıxış edib. Baş nazirin müavini Orta Dəhlizin Şərq ilə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyəti, Azərbaycan və Çin arasında yükdaşımaların həcminin artırılması, tranzit imkanlarının genişləndirilməsi, eləcə də nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin mübadiləsi həyata keçirilib.
“Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026”nın yekununda dayanıqlı nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı əlaqələrin gücləndirilməsini nəzərdə tutan Pekin Təşəbbüsü qəbul edilib.
Səfər çərçivəsində, həmçinin Çinin bir sıra aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanda həyata keçirilən layihələrin mövcud vəziyyəti nəzərdən keçirilib, enerji və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Şahin Cəfərov