Bakı metrosunda sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlər gücləndirilir VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, səhər saatlarından etibarən “Avtovağzal” və “Xocəsən” stansiyalarına girişin ödənişsiz təşkili sərnişinlərin hərəkət rahatlığının artırılmasına və müxtəlif istiqamətlər üzrə sərnişin axınının daha optimal bölüşdürülməsinə xidmət edir.
O qeyd edib ki, paytaxta sərnişin axınının əsas istiqamətlərindən biri Sumqayıt–Xırdalan xətti, eləcə də Bakı–Şamaxı yolu olduğundan, bu ərazilərdən şəhər mərkəzinə daxil olan sərnişinlərin bir hissəsinin metrodan istifadəyə yönəldilməsi 20 Yanvar stansiyası və Moskva prospekti ətrafında nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər.
B.Məmmədovun sözlərinə görə, yerüstü nəqliyyatda sıxlıq müşahidə olunduğu halda, metronun bəzi xətlərində sərnişin axını əvvəlki dövrlə müqayisədə azalıb. Hazırda Yaşıl xətdə sərnişin sayında 50 faizdən çox, Bənövşəyi xətdə isə 35-40 faiz arasında azalma qeydə alınır.
“Bu baxımdan sərnişin axınlarının yerüstü nəqliyyatdan metroya yönləndirilməsi mövcud disbalansın aradan qaldırılmasına müsbət təsir göstərə bilər”, - deyə B.Məmmədov vurğulayıb.
Müəllif-Vüqar Qurbanoğlu