Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.
AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında bildirib ki, Azərbaycanın AQEM-də bağlantı və rəqəmsallaşma sahələrinə verdiyi töhfələri, eləcə də ölkənin təşkilata sədrliyi dövründə əldə olunan nəticələri bariz şəkildə görürük.
Baş katibin sözlərinə görə, geosiyasi gərginlik, iqlim məsələləri və iqtisadiyyat üzərindəki təzyiqlər fonunda belə bir Forumun keçirilməsi olduqca vacibdir. Çünki bu cür tədbirlər anlaşmaya yol açan və onu təmin edən körpülər quracaq.
Kayrat Sarıbay vurğulayıb ki, AQEM-ə üzv dövlətlər arasında daha dərin əməkdaşlıq media peşəkarları arasında daha sıx əlaqələrlə müşayiət olunmalıdır. Bugünkü Media Forumu bu təmasları inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq və AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkan yaradır.
Forumda çıxış edən Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, dezinformasiya və nifrət nitqinin qarşıdurma vasitəsinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar medianın fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. Dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsi media sahəsində də əlaqələndirilmiş səyləri zəruri edir.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, Azərbaycan sədrliyinin gündəliyində media sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən birini təşkil edir.
Açılış mərasimindən sonra Forum işini "Qütbləşmiş dünyada media vasitəsilə etibarın qurulması" mövzusunda penel iclası ilə davam etdirib.
İclasda çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib ki, əlaqələrin və münasibətlərin daha da möhkəmlənməsinin şahidi olacağıq.
Etimad quruculuğu tədbirlərinin vacibliyindən danışan nazir müavini əlavə edib: “Bu tədbirlər bilavasitə nəqliyyat dəhlizləri boyunca da öz əksini tapmalı və bərqərar olmalıdır. Çünki bu baxımdan iqtisadi inteqrasiyanı daha da dərinləşdirəcəyik. Ölkələrimiz arasında olan münasibətləri daha yüksək səviyyəyə qaldırmaq imkanı əldə edəcəyik. Bu isə bizim üçün vacib məsələdir. Çünki irəli sürdüyümüz çoxşaxəli təşəbbüslər var və onların gerçəkləşməsi olduqca vacibdir”.
Türkiyənin Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Mehmet Daniş qeyd edib ki, qarşılaşdığımız bir çox qlobal çağırışların yaratdığı çətinliklər və qeyri-müəyyənlik mühiti beynəlxalq münasibətlərdə çoxtərəfliliyə olan inamın zəifləməsinə gətirib çıxarır. Məhz bu səbəbdən AQEM kimi çoxtərəfli təşkilatların əhəmiyyəti daha da artır. Çünki müasir dövrün qarşısında duran məsələlərin heç biri, demək olar ki, yalnız birtərəfli iradə ilə həll edilə bilməz.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın fikrincə, rəqəmsallaşma qadınların təhsil, məşğulluq, sahibkarlıq və ictimai iştirak imkanlarını genişləndirməklə yanaşı, onların rəqəmsal təhlükəsizliyinin təmin olunmasını da zəruri edir. Qadınların texnologiyalardan istifadə edən tərəf kimi deyil, həm də rəqəmsal iqtisadiyyatın, innovasiyaların və informasiya mühitinin fəal iştirakçıları kimi təmsil olunması inklüziv və məsuliyyətli rəqəmsal mühitin formalaşdırılmasının əsas şərtlərindəndir.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov Azərbaycan müxtəlif qitələri birləşdirən vacib bir coğrafi məkanda yerləşdiyini söyləyib. O bildirib ki, beynəlxalq təhlükəsizlik sahəsində baş verən böhranlar hadisələrin proqnozlaşdırılmasını daha da çətinləşdirir. Ona görə də regional səviyyəli məsələlərin əhəmiyyəti getdikcə artır.
Panel iclasında mövzu ətrafında müzakirələr aparılıb.
* * *
Forum çərçivəsində, həmçinin “Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusunda panel iclası keçirilib. ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyevanın moderatoru olduğu iclasda Pakistanın Federal Təhsil və Peşə Hazırlığı üzrə dövlət naziri Vaciha Qamar çıxış edərək bildirib ki, qütbləşmənin dərinləşdiyi müasir dünyada media cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. Media artıq yalnız informasiya mənbəyi deyil, həm də ictimai rəyin formalaşmasına, müxtəlif icmaların bir-birini anlamasına və cəmiyyətlər arasında əlaqələrin güclənməsinə təsir göstərən əsas vasitələrdən biridir. Bu təsir jurnalistikanın üzərinə böyük məsuliyyət qoyur.
Özbəkistanın Prezident Administrasiyasının nəzdində Kütləvi İnformasiya Vasitələri üçün Məzmun İstehsalı Mərkəzinin direktoru Kobuljon Əhmədov isə deyib ki, media sahəsində müvafiq görüşlər daha çox olmalı və media təşkilatlarının rolu xüsusilə qəbul edilməlidir. Media qurumları istər siyasi hadisələr nöqteyi-nəzərindən, istər insanların yaşadığı tarix, daşıdığı mədəniyyət, aldığı təhsil, yaratdığı və qoruduğu ənənələr, ortaq layihələr və əldə edilmiş uğurlar barədə məlumatların auditoriyaya çatdırılması baxımından çox vacib bir vasitədir.
Kobuljon Əhmədovun sözlərinə görə, ölkələr arasında peşəkar əməkdaşlıq yaradılmalıdır. Buraya media sahəsinin peşəkarları cəlb edilməlidir. Eyni zamanda, ortaq informasiya və mədəniyyət layihələri həyata keçirilməlidir.
Fələstin Dövlətinin Qazaxıstandakı səfiri Montaser Abu Zeid diqqətə çatdırıb ki, bugünkü çağırışlara sürətlə inkişaf edən süni intellekt texnologiyaları ilə bağlı yeni bir məsələ də əlavə olunur. Süni intellekt informasiya təhlili, faktların yoxlanılması, biliklərə çıxış imkanlarının genişləndirilməsi və informasiyanın daha sürətli yayılması baxımından jurnalistikanın qarşısında geniş imkanlar açır.
Səfirin fikrincə, süni intellekt, həmçinin yeni risklər də yaradır. Bunlara yanlış və manipulyativ məlumatların yayılması, saxta foto və videoların hazırlanması, eləcə də ictimai rəyin manipulyasiyası daxildir. Bu səbəbdən şəffaflıq, insan nəzarəti olmalı, həmçinin jurnalistikanın peşəkar və etik standartlarına ciddi riayət edilməlidir.
İordaniya Haşimilər Krallığının Hökumətlə Kommunikasiya Nazirliyinin baş katibi Zaid Əl-Nəvayseh bildirib ki, informasiya prosesi ictimai müzakirələrin zənginləşməsinə xidmət etməli, insanlarda qorxu yaratmağa, həqiqətləri təhrif etməyə və ictimai rəyi manipulyasiya etməyə yönəlməməlidir: "Süni intellekt texnologiyalarının və saxta foto, video və audio materialların yaradılmasına imkan verən “deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır. Süni intellekt texnologiyalarının hər yeni inkişaf mərhələsi saxta məzmunun müəyyənləşdirilməsi və manipulyasiyaların qarşısının alınması üçün daha səmərəli üsulların tətbiqini tələb edir".
Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Salkın Sarnogoyeva da öz növbəsində Forumun mövzusunun vacibliyini qeyd edib. O deyib ki, dünyamız artan qütbləşmə ilə üzləşir. Ona görə də media ictimaiyyəti qarşısında dayanan başlıca vəzifə etibarı yaradan, cəmiyyəti birləşdirən, mədəniyyətlərarası dialoqa rəvac verən bir vasitə kimi çıxış etməkdir.
AQEM coğrafiyasında etibarı yaratmağın və möhkəmləndirməyin ortaq məsuliyyət olduğunu söyləyən nazir müavini, həmçinin vurğulayıb: “Dezinformasiyanın və informasiya müharibələrinin vüsət aldığı bir dövrdə, əlbəttə ki, jurnalistlərimizi və digər peşəkarları bir araya gətirməli, əməkdaşlığımızı davam etdirməliyik”.
Kamboca İnformasiya Nazirliyinin dövlət katibinin müavini Prak Taveak Amida isə bildirib ki, etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır. Sosial həmrəylik və dialoq hər kəsin eyni fikirdə olmasını tələb etmir. Əsas məsələ müxtəlif baxışları yoxlanılmış məlumat və qarşılıqlı hörmət əsasında dəyərləndirmək bacarığıdır. Xüsusilə emosiyaların yüksək olduğu məqamlarda məsuliyyətli və hörmətli kommunikasiya mühüm əhəmiyyət daşıyır. Media belə məqamlarda ortaq məxrəc tapmağa çalışmalıdır.
İclas mövzuya dair müzakirələrlə işini davam etdirib.
Bununla da Media Forumuna yekun vurulub.
Qeyd edək ki, ilk AQEM Media Forumu üzv dövlətlərin hökumət nümayəndələrini, media və kommunikasiya sahəsinə məsul dövlət qurumlarının rəhbərlərini, media menecerlərini və digər mütəxəssisləri bir araya gətirib. Forum müxtəlif yanaşmaların bölüşülməsi, təcrübə mübadiləsi və regionda qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir.