Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
"Kəlağayı yürüşü" təşkil etməkdə əsas məqsədimiz milli-mənəvi dəyərlərimizi, xüsusilə də milli örpəyimiz olan kəlağayını təbliğ etmək, gələcək nəsillərə ötürmək və bu dəyərlərin qorunmasına töhfə verməkdir. Əsas hədəfimiz gənclərdir. İstəyirik ki, onlar milli irsimizi daha yaxından tanısın, bu dəyərləri mənimsəsin və gələcək nəsillərə çatdırsınlar.
Bunu AZƏRTAC-a açıqlamasında “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva deyib.
“Milli geyimlərimizi geyinmək, kəlağayımızı başımıza örtmək bizim üçün böyük qürurdur. Kəlağayı milli kimliyimizin göstəricisi olmaqla yanaşı, sadəcə baş örtüyü deyil, həm də qadın gözəlliyinin və zərifliyinin rəmzidir. Hesab edirəm ki, milli-mənəvi dəyərlərimizin gənclərə aşılanması ən mühüm vəzifələrimizdən biridir. Milli geyimlərimizin gözəlliyi xarici qonaqların da diqqətini cəlb edir. Yürüşümüz Qız qalasından başlayaraq Fəvvarələr meydanına qədər davam edəcək. Yol boyunca bizə yaxınlaşan xarici qonaqlara ölkəmiz, milli geyimlərimiz və kəlağayımız haqqında məlumat verəcəyik. Azərbaycanın milli geyimlərini və dəyərlərini dünyaya tanıtmaq hər birimizin vətəndaşlıq borcudur. Bu zəngin irsin qorunması və nəsildən-nəslə ötürülməsi isə başlıca vəzifələrimizdəndir", - deyə o əlavə edib.