MƏDƏNİYYƏT
Azərbaycan musiqisinə xarici turistlərin marağı məni çox sevindirir VİDEO
Qəbələ, 26 iyul (AZƏRTAC. Anar Rzayev). Musiqilərimizə azərbaycanlılarla yanaşı, xarici turistlərin də maraq göstərməsi məni çox sevindirir.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, muğam sənətinin gənc ifaçılarından biri, “Muğam – Televiziya müsabiqəsi 2011”in qalibi Səbinə Ərəbli AZƏRTAC-a müsahibəsində deyib.
O, gənc ifaçıların belə yüksək səviyyəli tədbirlərdə iştirakına yaradılan şəraitə, muğamın təbliğinə və inkişafına göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Beynəlxalq festivalın təşkilatçılığını yüksək qiymətləndirən Səbinə Ərəbli Azərbaycan musiqisinin zənginliyindən söhbət açaraq deyib: “Mən bu festivalı səbirsizliklə gözləyirdim. Bu möhtəşəm incəsənət bayramında iştirak etməkdən olduqca məmnunam. Muğama dövlət qayğısı, xüsusilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədə təşəbbüsləri, muğamımızı dünyada təbliğ etmək üçün gördüyü işlər göz qabağındadır. Məlumdur ki, xalqımız milli musiqini çox sevir və zövq alaraq dinləyir. Mən Qəbələdə keçirilən musiqi axşamlarında bunun bir daha şahidi oldum”.