SİYASƏT
Keçmiş səfir Rayan Kroker: Ardıcıllığın olmaması ABŞ xarici siyasətinin problemidir VİDEO
Vaşinqton, 17 dekabr, Yusif Babanlı, AZƏRTAC
Vaşinqtondakı Stimson Analitik Mərkəzində ABŞ-ın keçmiş yüksək vəzifəli diplomatı Rayan Kroker ilə görüş olub.
1971-ci ildən ABŞ-ın İran, Qətər, Misirdəki səfirliklərində işləmiş, Birləşmiş Ştatların Livan, Küveyt, Suriya, Pakistan, İraq və Əfqanıstanda səfiri olmuş R.Kroker hazırda Texas A&M Universiteti nəzdində Corc Buş adına İdarəçilik və Dövlət Qulluğu Məktəbinin dekanı və professoru vəzifəsində çalışır.
Görüşdə Birləşmiş Ştatların Yaxın Şərq və Asiya ölkələrində, o cümlədən regional və daxili münaqişələrin tüğyan etdiyi ölkələrdə - Əfqanıstan, İraq, Pakistan və Suriyada siyasəti müzakirə edilib.
R.Kroker Əfqanıstanın yeni Prezidenti Əşrəf Qəninin rəhbərliyi dövründə ölkədə siyasi vəziyyətin sabitləşəcəyinə ümidvar olduğunu bildirib. ABŞ-Əfqanıstan əlaqələrindən söz açan diplomat qeyd edib ki, iki ölkənin münasibətlərində problemlər “amerikalılar Əfqanıstana nəyin lazım olduğunu, nəyin isə lazım olmadığını əfqanlardan yaxşı bildiklərini düşündükdən” sonra yaranmağa başlayıb. Beynəlxalq münasibətlər sahəsində ekspert R.Kroker deyib ki, ardıcıllığın olmaması və “strateji dözümsüzlük” ABŞ-ın xarici siyasətinin böyük problemidir. ABŞ-ın tərəfdaşlarına münasibətində fəaliyyətində “strateji dözümsüzlük” müşahidə olunur. Belə vəziyyət tərəfdaşların siyasəti və hadisələrə baxışı Vaşinqtonun planlarından fərqlənəndə Ağ Ev onları tənqid etməyə və onlara qarşı tədbirlərə əl atmağa başlayanda yaranır. Məsələn, ABŞ hökuməti Əfqanıstana və sovet-əfqan müharibəsi illərində Birləşmiş Ştatların etibarlı müttəfiqi olmuş Pakistana maliyyə yardımını və siyasi dəstəyini 1989-cu ildə tamamilə dayandırıb. Ekspertin fikrincə, nəticədə narazılıq yaranıb və taliblər hakimiyyətə gəliblər. Odur ki, rəqib düşmən həmişə aktiv hərəkət fazasının başa çatmasını və Amerika qoşunlarının çıxmasını gözləyir, sonra öz siyasətini bərpa edir. Çünki bilir ki, ABŞ siyasəti qısamüddətli planlara söykənir. R.Kroker arqument kimi taliblərin “Amerikalıların saatı, bizim isə zamanımız var” məsələni sitat gətirib. Diplomat sonda qeyd edib ki, ABŞ-ın xarici siyasətində uzaqgörənlik yoxdur. Bu da problemlərin yaranmasına gətirib çıxarır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton