82 nömrəli orta məktəbdə “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiya göstərilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Bakının N.Nərimanov rayonu 82 nömrəli orta məktəbində V sinif şagirdlərinin iştirakı ilə “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində təşkil edilmiş şagirdlərin Xocalı mövzusunda rəsm sərgisi ilə tanış olmuşlar.
Məktəblilərin ifasında dövlət himni səslənmiş, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbin direktoru Vaqif Mehdiyev ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışmış, faciə haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixinə qanla yazılmış bir səhifədir. Bu təkcə soyqırımı deyil, həmçinin türkçülüyə qarşı yönəldilmiş bir siyasət idi. Gənc nəsil bunu unutmamalı, daim erməni cəlladlarına nifrətlərini bildirməli, qəhrəman şəhid övladlarımızı xatırlamalı, milli vətənpərvərlik ruhunda böyüməlidirlər.
Şagirdlər Xocalı ilə bağlı duyğu və hisslərini, erməni qəsbkarlarına qarşı kin-küdurətlərini ədəbi-bədii kompozisiya vasitəsilə nümayiş etdirmiş, hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa etmişlər. Tədbirdə, həmçinin Xocalı soyqırımını ilk lentə alanlardan biri, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qəhrəmanlığından söz açılmış, xatirəsi ehtiramla yad edilmişdir. Qeyd olunmuşdur ki, bu gün faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində onun lentə aldığı kadrların böyük əhəmiyyəti vardır.
Sonda “Xocalı soyqırımı” sənədli filmi və gecənin dəhşətlərini xatırladan videogörüntülər nümayiş etdirilmişdir.