ORDU
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 133 dəfə pozub VİDEO
Bakı, 11 sentyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 133 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Tap Qaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Mərzili, Cəvahirli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 183 atəş zərbəsi endirib.