8 İLDƏ 3 MİN 91 MƏHBUS ƏFV EDİLMİŞDİR
2003-cü il dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Fərman imzalamışdır. Bu, ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən imzalanan ilk əfv fərmanıdır. Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə söykənən siyasətinə, insan hüquq və azadlıqlarına hörmət və ehtirama, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, qeyri-hökumət təşkilatlarının, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) respublikamızın Prezidentinə ünvanlanmış əfv haqqında müraciətinə əsaslanan bu Fərmanda məhkumların səhhəti, ailə vəziyyəti, cəzalarının müəyyən hissələrini çəkmələri bu müddətdəki davranışları nəzərə alınmışdır. Bu əfv fərmanı ilə 160 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad edilmiş, 4 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, 1 nəfərin isə ömürlük həbs cəzası 20 il azadlıqdan məhrumetmə ilə əvəzlənmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın ölkəmizin Prezidentinə ünvanlanmış müraciətinə əsasən 9 nəfər məhbusa əfv Fərmanı şamil edilmişdir.
2003-cü il dekabrın 30-da həmin Fərman icra edilmiş, məhbuslar azadlığa buraxılmışlar. Bu münasibətlə 7 nömrəli cəzaçəkmə müəssisəsində keçirilən mərasimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova iştirak etmişdir. Mərhum Prezident, böyük siyasi xadim, müdrik dövlət rəhbəri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
7 nömrəli cəzaçəkmə müəssisəsində keçirilən mərasimi müəssisənin rəisi Salman Nəcəfov açaraq, əfv fərmanının buradakı məhbusların 11 nəfərinə şamil edildiyini söyləmişdir.
Ombudsman E.Süleymanova qeyd etmişdir ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununa əsasən Ombudsman əfv xahişi ilə Prezidentə müraciət edə bilər.
Sonra E.Süleymanova demişdir ki, hər bir əfv insanları ruhlandırır. Əfv olunanlarla birgə onların ailəsi, uşaqları, qohumları da yeni il ərəfəsində sevinc içərisindədirlər.
Ombudsman vurğulamışdır ki, əfv olunandan və cəzaçəkmə müəssisəsindən çıxandan, azad olunandan sonra hər bir kəsin insan hüquqları ilə tam faydalanmağa haqqı var. O, əfv olunanların öz ömürlərini halal zəhmətlə, ləyaqətlə, öz xalqına sədaqətlə xidmət göstərərək yaşayacaqlarına inandığını bildirmişdir.
Sonra Ombudsman həmin cəzaçəkmə müəssisəsinin rəisi Salman Nəcəfovla birgə 11 məhbusa azadlığa buraxılma sənədini təqdim etmişdir.
Ombudsman orada məhbusların ailə üzvləri, uşaqları və yaxınları ilə görüşmüş, gözaydınlığı vermiş və onları təbrik etmişdir.
Azad olunmuş məhbuslar, onların ailə üzvləri Azərbaycan Respublikasının prezidenti ilham əliyevə öz səmimi minnətdarlığını bildirmiş, ona və ailəsinə cansağlığı, uzun ömür, səadət arzulamışlar.