ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin 224 məzununa fərqlənmə diplomu verilib
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Azərbaycan Dillər Universitetində (ADU) “Məzun günü” keçirilib.
Universitetin həyətində təşkil olunan tədbirdə ADU-nun rəhbərliyi, müəllimlər, tələbələr və onların valideynləri iştirak ediblər.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, akademik Kamal Abdulla məzunları təbrik edib, uğurlar arzulayıb. O deyib: “Harada olmağınızdan asılı olmayaraq siz gərək özünüzü hər zaman universitetin övladı kimi hiss edəsiniz. Biləsiniz ki, universitetin qapıları həmişə sizin üzünüzə açıqdır. Ulu Öndər deyirdi ki, gənclər mənim sizlərə əmanətimdir. Biz bu gün Ulu Öndərin əmanətinə sahib çıxırıq”.
K.Abdulla bildirib ki, hər bir tələbə universitet üçün əzizdir: “Dördillik universitet həyatı yuxu kimi gəlib keçdi. Siz müəllimləriniz üçün darıxacaqsınız, onlar da sizin üçün. Bundan çıxış yolu daim birgə olmaq, müəllimlərinizlə sıx əlaqə saxlamaqdır”.
Prezident İlham Əliyevin təhsil sahəsində gördüyü işlərdən danışan rektor qeyd edib ki, dövlətimizin başçısı Azərbaycanın dünyada daha yaxşı tanınması üçün əlindən gələni edir: “Bu gün dünya gəncləri xalqımızın adət-ənənəyə çevirdiyi multikultural dəyərləri öyrənir. Azərbaycan multikulturalizmi bütün dünyanı gəzir. Dünya gəncləri bu dəyərlərimizi öyrənirlər, qiymət verirlər. Bütün bu işlərdə sizin də böyük zəhmətiniz var”.
Rektor bugünkü məzunların tələbəlik illərində ictimai həyatda da fəal olduqlarını diqqətə çatdırıb. O deyib: “Siz təkcə auditoriyada oturmadınız. İctimai fəallıq göstərdiniz, universitetin bütün həyatında fəal iştirak etdiniz. Universitet həyatında baş verənlər sizin həyatınızda gözəl xatirə kimi həmişə yaşayacaq. Ən əsası odur ki, universitetə olan məhəbbət vətənə olan məhəbbətə dönür. Vətənə olan məhəbbət insanlığa olan məhəbbətə dönür. Sizin ürəyinizdə təkcə Azərbaycana yox, bütün dünyaya, insanlığa məhəbbət yarada bildiksə, biz də işimizi uğurlu hesab edə bilərik. Mən sizə gələcək həyatınızda uğurlar, səadət arzulayır, hər birinizə möhkəm cansağlığı diləyirəm”.
Universiteti yüksək göstəricilərlə bitirən məzunlara fərqlənmə diplomları, ictimai işlərdə fəallıq göstərmiş və tədris sahəsində müvəffəqiyyət qazanmış tələbələrə “Fəxri məzun” diplomları, 2017-ci tədris ilini ən yüksək orta balla bitirən məzunlara isə “Uğur mükafatı” təqdim olunub.
Tədbir bədii proqramla davam edib, tələbələrin ifasında mahnılar səslənib.
Qeyd edək ki, 2017/2018-ci tədris ilində ümumilikdə ADU-nu bakalavriat pilləsi üzrə 1459, magistratura pilləsi üzrə isə 134 tələbə bitirib. Həmçinin yeddi əcnəbi tələbə magistratura pilləsində təhsilini başa vurub. Universitetin 224 məzununa fərqlənmə diplomu verilib.