DÜNYA


Çin “BeiDou” peyk naviqasiya sisteminin formalaşdırılmasını iyunda tamamlayacaq

Pekin, 22 may, AZƏRTAC

“BeiDou” naviqasiya sisteminə aid 30 peykin sonuncusu iyunda orbitə çıxarılacaq. Bununla da peyk naviqasiya sistemi formalaşdırılaraq tam fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bunu “BeiDou” naviqasiya sisteminin baş dizayneri Yan Çanfen bildirib. O, sonuncu peykin artıq Siçanq peyk buraxılış məntəqəsinə çatdırıldığını, hazırda peykin orbitə çıxarılması ilə bağlı hazırlıq işlərinin davam etdiyini deyib.

Ötən 2 ildə 17 raketdaşıyıcı ilə 29 naviqasiya peykinin orbitə çıxarıldığını söyləyən baş dizayner bütün buraxılışların uğurlu olduğunu diqqətə çatdırıb. “BeiDou” sisteminin xidmətlərindən nəqliyyat, kənd təsərrüfatı, balıqçılıq, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması da daxil olmaqla bir çox istiqamətlər üzrə geniş istifadə olunur. Çindəki internetə çıxışı olan smartfonların 70 faizdən çoxu “BeiDou” sistemindən istifadə edir.

Qeyd edək ki, XX əsrin sonlarında Çin 3 mərhələdə özünün peyk naviqasiya sisteminin formalaşdırılmasına başlayıb. Yalnız ölkə ərazisində xidmətlər göstərən birinci mərhələnin formalaşdırılması 2000-ci illərin sonunda başa çatıb. 2012-ci ildə başa çatan ikinci mərhələdə sistemin Asiya və Sakit okean hövzəsi regionunda xidmətlər göstərməsi təmin olunub. Üçüncü mərhələdə isə sistemin bütün dünyanı əhatə etməsi mümkün olacaq. “BeiDou” sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (“Avropa İttifaqı”) sonra 4-cü naviqasiya sistemidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.