MƏDƏNİYYƏT


Gürcüstan Yazıçılar Birliyi Azərbaycan və gürcü qələm sahibləri üçün mükafatlar təsis edib

Tbilisi, 22 iyul, AZƏRTAC

Gürcüstan Yazıçılar Birliyi Azərbaycan və Gürcüstan arasında ədəbi-mədəni əlaqələrin inkişafında xüsusi xidmətləri olan yazıçı və şairlər üçün iki mükafat təsis edib.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabulinin verdiyi məlumata görə, birinci mükafat Azərbaycan dramaturgiyasının banisi, yaradıcılığının böyük bir hissəsi Tbilisi ilə bağlı olan Mirzə Fətəli Axundzadənin adınadır. Bu mükafat gürcü şair və yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edən, eləcə də gürcü dilində yazan azərbaycanlı yazıçı və şairlərə təqdim olunacaq. Böyük gürcü ədibi Akaki Sereteli adına mükafat isə Azərbaycan yazıçılarının əsərlərini gürcü dilinə tərcümə edəcək gürcü şair və yazıçılara veriləcək.

“Bu gün Azərbaycan dilində yazan çoxlu gürcü şairlər var. Onlar həm də Azərbaycan şair və yazıçılarının əsərlərini gürcü dilinə tərcümə edirlər. Eləcə də Azərbaycanda gürcü ədəbiyyatını sevən, onu başqa dillərə tərcümə edən ziyalılar çoxdur. İki dost və qardaş ölkənin mədəniyyətinin, mədəni əlaqələrimizin inkişafında rolu olan bu cür insanların əməyinə biganə qalmaq olmaz. Məqsədimiz həmin şair və yazıçılarımızın əməyini layiqincə qiymətləndirməkdir”, - deyə B.Arabuli bildirib. O, həmçinin qeyd edib ki, şair və yazıçıların hər iki dilə tərcümə etdikləri əsərlər rəhbərlik etdiyi qurumun mətbu orqanlarında, eləcə də birliyin Azərbaycan bölməsinin “Körük” və “Şəfəq-Sxivi” jurnallarında dərc olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.