İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatasının seminarı “Törəmə maliyyə alətləri” mövzusuna həsr olunub
Bakı, 12 iyun, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası "Törəmə maliyyə alətləri və inkişaf etməkdə olan ölkələr tərəfindən onlardan istifadə" mövzusunda seminar keçirib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baş tutub. Təlimdə 30 bank nümayəndəsi və palatanın əməkdaşları iştirak ediblər.
Seminar çərçivəsində törəmə maliyyə alətləri anlayışı, növləri və Türkiyənin bank sektorunda onlardan risk menecment aləti kimi istifadəsi mövzularına toxunulub. Bundan əlavə, təlimdə Türkiyə Mərkəzi Bankı və İstanbul Mərkəz Bankçılıq Məktəbinin təşkil etdiyi "İnkişaf etməkdə olan maliyyə bazarları və mərkəzi banklar üçün derivativlər və törəmə maliyyə alətlərindən istifadə" təlim proqramının əhatə etdiyi yeniliklər və beynəlxalq təcrübə təlim iştirakçılarına təqdim edilib.
İştirakçıların sözlərinə görə, təcrübə mübadiləsi və diskussiyalarla zəngin olan təlimdə əldə etdikləri yeni biliklər onların professional inkişafına töhfə verəcək.