CƏMİYYƏT
Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb
Bakı, 29 iyul, AZƏRTAC
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istintaqla qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.
Bundan başqa, Xaçaturyan Vaqif Çerkezoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.
Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il noyabrın 12-də beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Keçirilmiş axtarış tədbirləri nəticəsində 2023-cü il iyulun 29-da Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcək.
Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.