İQTİSADİYYAT
OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı çərçivəsində Azərbaycanın həyata keçirdiyi siyasət alqışlanır
Vyana, 21 iyun, AZƏRTAC
Xəbər verdiyimiz kimi, iyunun 20-21-də Vyanadakı Hofburq sarayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda VII beynəlxalq seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov neft sektorunda ən nüfuzlu beynəlxalq tədbirlərdən biri olan bu seminar barədə fikirlərini AZƏRTAC-a bildirib.
Nazir qeyd edib ki, seminar çərçivəsində çox geniş dialoq aparılıb, neftin gələcəkdə oynayacağı rol ətraflı müzakirə olunub və dərindən təhlil edilib: “Bir daha hər kəs bu fikrə gəldi ki, neft bundan sonra da öz əhəmiyyətini qoruyub saxlayacaq və qarşıdakı onilliklərdə əsas enerji mənbələrindən biri olaraq qalacaq”.
P.Şahbazov deyib ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası bu gün də uğurla həyata keçirilir. Azərbaycan beynəlxalq aləmdə neft ölkəsi kimi tanınıb və bu gün də Azərbaycan neftin sənaye yolu ilə ilk dəfə çıxarıldığı ölkə kimi xatırlanıb, ölkəmizin bu sahədəki təcrübəsindən danışılıb”. Azərbaycanın bu seminarda iştirakına çox böyük maraqla yanaşırlar, xüsusilə də OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı çərçivəsində Azərbaycanın həyata keçirdiyi siyasət alqışlanır və bu, seminarda təqdir olundu.
Nazir bildirib ki, seminarda neftin qiymətinin beynəlxalq bazarda balanslaşdırılmasına və bazarda mövcud neft ehtiyatlarının gələcəkdə nə cür idarə edilməsinə dair geniş dialoq aparılıb. Düşünürəm ki, seminarda neftin gələcəyi haqqında beynəlxalq səviyyədə dəyərli fikirlər səsləndi və bu tədbirin nəticələrini gələcəkdə əyani şəkildə praktiki işimizdə görəcəyik.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana