MƏDƏNİYYƏT
SUMQAYITDA GÖRKƏMLİ XANƏNDƏ AĞABALA ABDULLAYEVİN 100 İLLİYİ QEYD EDİLMİŞDİR
Sumqayıt, 1 iyun (AZƏRTAC). Sumqayıtdakı “28 may” mədəniyyət evində görkəmli Azərbaycan xanəndəsi Ağabala Abdullayevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilmişdir. Tədbir Qubadlı və Füzuli rayonlarının rəhbərliyi tərəfindən təşkil edilmişdir.
Mədəniyyət evinin foyesində mahir muğam ustası Ağabala Abdullayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi təşkil edilmişdir.
Tədbir anşlaqla keçmişdir. Mədəniyyət evinin böyük konsert zalında xanəndənin istedadının çoxsaylı pərəstişkarları üçün yer azlıq edirdi. Gecənin aparıcısı, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri şair Vaqif Bəhmənli yubilyarın bioqrafiyasından söhbət açmış, yaradıcılığının şanlı səhifələrini xatırlatmışdır. Qubadlı rayonunun Çərəli kəndində anadan olmuş Ağabala Abdullayev yetkinlik yaşına çatandan ömrünün sonuna qədər Füzuli rayonunda yaşamışdır. Tədbir iştirakçıları Ağabala Abdullayevin 100 illiyinə həsr olunmuş videofilmə tamaşa etmişlər.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov vurğulamışlar ki, adlı-sanlı xanəndə Ağabala Abdullayevin yubileyinin təntənəli şəkildə qeyd edilməsi dövlətimizin Azərbaycan xalqının qiymətli sərvəti olan muğama qayğısının əyani sübutudur. Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın misilsiz xidməti xüsusi qeyd edilmiş, vurğulanmışdır ki, məhz onun təşəbbüsü ilə muğam YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilmişdir.
Çıxış edənlər vurğulamışlar ki, tanınmış xanəndənin zəngin yaradıcılığı, onun bənzərsiz ifaçılıq sənəti muğamsevərlərin diqqətini cəlb etmişdir. Muğam sənətinin incəliklərinə virtuozcasına yiyələnmiş Ağabala Abdullayev öz ifaçılıq məktəbini yaratmışdır. Yaşlı nəslin nümayəndələri Ağabala Abdullayevin bənzərsiz ifasında “Zabul” və “Rast” kimi müxtəlif səpkili muğamları, eləcə də “Boz at” mahnısını hələ də yaxşı xatırlayırlar. O, öz ecazkar səsi ilə muğamın musiqi dilinin bədii dəyərini dinləyiciyə çatdırmağa, bu bənzərsiz sənətə yeni nəfəs gətirməyə müvəffəq olmuşdur. Xalqın öz sevimli xanəndəsinə “Zabul Ağabala” adı verməsi də təsadüfi deyildir.
Xanəndənin yaradıcılığının ilk tədqiqatçısı, onun haqqında kitabın müəllifi, yazıçı Seyran Səxavət Seyid Şuşinskinin muğam məktəbinin bu mahir davamçısının fitri istedadından söz açmışdır.
Qeyd edilmişdir ki, Ağabala Abdullayev yaradıcı mühitdə böyümüşdür. Onun qardaşı Zöhrab Abdullayev gözəl şeirlər yazırdı, bir sıra mahnıların sözlərinin müəllifi idi. A.Abdullayevin sənəti onun oğlu Nizami Abdullayevin yaradıcılıq potensialının formalaşmasında da müsbət rol oynamışdır.
Tanınmış incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, Ağabala Abdullayevin bənzərsiz istedadının pərəstişkarları bir-birinin ardınca səhnəyə qalxmış, onun haqqında xatirələrini bölüşmüşlər.
Yubiley gecəsi böyük konsertlə başa çatmışdır. Proqramda əbədiyaşar muğam səslənmişdir. Gözəl ifaçılar - respublikanın xalq artistləri Teymur Mustafayev və Qəndab Quliyeva, respublika muğam müsabiqəsinin laureatı Qoçaq Əsgərov, tanınmış xanəndə Süleyman Abdullayev bu qədim sənətin incəliklərini dinləyicilərə çatdırmışlar. Respublikanın Əməkdar Artisti gitaraçı Rəhman Məmmədovun çıxışı, Füzuli rayon dram teatrının aktyorlarının və rayon musiqi məktəblərinin müəllimlərinin ifası yaddaqalan olmuşdur. Qubadlı rayon bədii özfəaliyyət kollektivləri də öz ustalıqlarını nümayiş etdirmişlər.
Tədbirin sonunda xanəndənin oğlu Nizami Abdullayev atasının xatirəsinə göstərilən diqqətə görə gecənin iştirakçılarına təşəkkürünü bildirmiş, muğam sənətinin qorunub saxlanması və inkişafına dövlətimizin böyük qayğı göstərməsini vurğulamışdır. Sonra Nizami Abdullayev və onun oğlanları Zöhrab və Ağabala yubilyar xanəndənin repertuarından bir neçə mahnı və muğam ifa etmişlər.
######