"Elektron-hökumət" portalında "elektron ərizə" elektron xidməti təkmilləşdirilərək yeni versiyada istifadəçilərə təqdim edilib
Bakı, 17 aprel, AZƏRTAC
"Elektron-hökumət" portalında Təhsil Nazirliyinin təqdim etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üçün "elektron ərizə" elektron xidməti təkmilləşdirilərək yeni versiyada istifadəçilərə təqdim edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirlib ki, əvvəlki versiyada elektron ərizəyə məlumatları daxil etmək üçün giriş edilən zaman istifadəçi yalnız elektron poçt vasitəsilə qeydiyyatdan keçirilirdi. Yenilənmiş versiyada isə "elektron ərizə sistemi” nin "İAMAS”a (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) qoşulmasının təmin olunması ilə ərizəyə müvafiq qeydiyyatın şəxsiyyət vəsiqəsi (Fərdi İdenfikasiya Kodu - FİN vasitəsilə) ilə aparılması tətbiq edilib. Bununla yanaşı, ötən ildən fərqli olaraq, elektron ərizənin məzmununda da bəzi dəyişikliklər edilərək istifadəçilərə geniş imkanlar verilib. Belə ki, iddiaçılar elektron ərizəyə yüklədikləri bütün sənədlərə baxa, onları silə və ya dəyişə biləcək. Elektron ərizəni təsdiq etdikdən sonra onlardan əlavə sənədlər tələb olunduğu halda, onu da elektron qaydada izlənmə sistemi panelində yaradılmış imkan vasitəsilə təqdim edə biləcəklər.