İDMAN
"Neftçi" klubu Belarus millisinin üzvü ilə müqavilə imzalayıb
Bakı, 20 iyul, AZƏRTAC
Bakının "Neftçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Belarus millisinin hücumçusu Yeqor Boqomolskini transfer edib.
İyirmi iki yaşlı forvardla üçillik müqavilə imzalanıb. O, yeni komandasında 77 nömrəli formanı geyinəcək.
Y.Boqomolski ölkəsində Minsk və Brest "Dinamo"sunun, həmçinin “Rux” və “Minsk” klublarının şərəfini qoruyub. O, 2019-cu ildə "Dinamo" (Brest) komandası ilə ölkə çempionu olub. Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, qanalı hücumçu Qodsvey Donyo və gürcüstanlı müdafiəçi Solomon Kvirkveliyanı heyətinə qatıb.