ABA və Koreya Banklar Federasiyası arasında memorandum imzalanıb
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti 26–28 noyabr tarixlərində Koreyada səfərdədir. Səfər çərçivəsində Koreyanın aparıcı maliyyə qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
ABA-dan AZƏRTAC-a bildirilib ki, səfərin ilk günü ABA və Koreya Banklar Federasiyası (KBF) arasında bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu ABA prezidenti Zakir Nuriyev və KFB sədri Cho Yong-byoung imzalayıblar.
Memorandum bankçılıq sahəsində institusional tərəfdaşlığın gücləndirilməsini, qabaqcıl beynəlxalq təcrübə və informasiya mübadiləsinin genişləndirilməsini, rəqəmsal bankçılıq, “FinTex” və innovativ maliyyə texnologiyaları üzrə birgə təşəbbüslərin təşkili, eləcə də bank sektorunda qlobal təcrübələrin öyrənilməsi və ekspert mübadiləsini nəzərdə tutur. Sənəd tərəflər arasında birgə layihələrin icrası, təlim və seminarların təşkili, həmçinin qarşılıqlı əməkdaşlığın daha sistemli şəkildə həyata keçirilməsi üçün yeni imkanlar yaradır.
ABA nümayəndə heyətinin Koreyada səfəri davam edir və qarşıdakı iki gün ərzində maliyyə təşkilatları ilə əlavə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.