Abdullah Eren: Şagirdlərin robotik kodlaşdırmada uğurları TİKA-nın yeni layihəyə dəstək verməsini şərtləndirib
Bakı, 10 sentyabr, AZƏRTAC
Bakı Türk Anadolu Liseyi Türkiyə ilə Azərbaycan arasındakı dostluğun mühüm nişanələrindən biridir. İllər ərzində bu məktəbdə çoxlu sayda gənc təhsil alıb və yetişib.
Bu barədə AZƏRTAC-a müsahibəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren söyləyib. O bildirib ki, Bakı Türk Anadolu Liseyi Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Azərbaycandakı təhsil müəssisəsi olmaqla yanaşı, iki qardaş ölkənin təhsil sahəsində əməkdaşlığının gözəl nümunəsidir.
Müsahibimiz vurğulayıb ki, məktəbin fəaliyyətində həm Türkiyənin, həm də Azərbaycanın böyük əməyi var: “Buradan çoxlu sayda gənc yetişib. Uşaqlarımız burada təhsil alıblar. Həqiqətən də bu məktəb bizim üçün qürur mənbəyidir”.
Abdullah Eren bildirib ki, TİKA müxtəlif dövrlərdə Bakı Türk Anadolu Liseyinə dəstək göstərib. Agentlik tərəfindən məktəbin siniflərinin və laboratoriyalarının inkişafına, burada təhsil alan şagirdlərə və çalışan müəllimlərə müxtəlif istiqamətlərdə dəstək verilib.
“Bu gün də Bakı Türk Anadolu Liseyində Robotik kodlaşdırma laboratoriyasının açılışını etdik. Məktəbimiz uğurludur. Son beş ildə xüsusilə kodlaşdırma və robotik kodlaşdırma sahəsində Azərbaycanın müxtəlif yarışlarında yüksək nəticələr əldə edirlər. Azərbaycanı beynəlxalq yarışlarda da bu məktəb təmsil edir”, – deyə Abdullah Eren vurğulayıb. O bildirib ki, şagirdlərin robotik kodlaşdırma sahəsində əldə etdikləri uğurlar TİKA-nın bu istiqamətdə yeni layihəyə dəstək verməsini şərtləndirib.
“Belə uğurlu uşaqlar varsa, biz də onlara dəstək olaq dedik. Uşaqlarımızın daha yaxşı təhsil ala bilməsi üçün onlara bir emalatxana qurduq”, – deyə TİKA rəhbəri qeyd edib.
Abdullah Eren vurğulayıb ki, yaradılan yeni imkan şagirdlərin öz biliklərini praktiki şəkildə tətbiq etmələrinə, robotik kodlaşdırma sahəsində yeni layihələr hazırlamalarına və beynəlxalq yarışlara daha yaxşı hazırlaşmalarına imkan verəcək.
Müxbir - Tünzalə Arazlı