ABŞ-Aİ-Ermənistan görüşünün nəticələri İrəvanda məyusluq yaratdı - ŞƏRH
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 5-də baş tutmuş ABŞ-Aİ-Ermənistan görüşünün nəticələri İrəvanda məyusluğa səbəb oldu. Çünki müzakirələr zamanı Ermənistanın Qərbdən daha çox maliyyə yardımı alacağına dair ümidlər çox idi. Avropa İttifaqı və ABŞ Ermənistana birlikdə 5 milyon avrodan aşağı maliyyə yardımı ayıracaqlarını bildirdilər. Bu da Ermənistan üçün əhəmiyyətli kömək hesab edilmir. Bundan əlavə, rəsmi bəyanatlarda Ermənistanla hərbi əməkdaşlığın baş tutacağına dair məlumatlar da açıqlanmadı, Qərbin Ermənistana təkcə mülki sahədə kömək edəcəyi vurğulandı. Bütün bu amillər birbaşa olaraq Ermənistanın narahatlığına gətirib çıxardı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Topçubaşov Mərkəzinin icraçı direktorunun müavini, ekspert Murad Muradov söyləyib.
Azərbaycanın birgə konfransdan əvvəl Qərbdən Ermənistana hər hansı hərbi köməyin göstərilməsinin qəbuledilməz addım kimi qəbul olunacağını bəyan etdiyini xatırladan ekspert vurğulayıb: “Maraqlıdır ki, konfransdan bir gün əvvəl ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng etmişdilər. Telefon danışıqlarında görüşün Azərbaycana qarşı olmadığı və ölkəmizin maraqlarının nəzərə alınacağı bildirilmişdi. Prezident İlham Əliyev Antoni Blinkenə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlandığını və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmadığını dedi. Dövlətimizin başçısı bu görüşün Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını Blinkenin diqqətinə çatdırdı.
Azərbaycan üçün prinsipial məsələ Ermənistanla sülh müqaviləsinin bağlanılması və işğal altında qalan kəndlərin azad edilməsidir. İctimaiyyət arasında keçirilmiş rəy sorğuları nəticəsində məlum olub ki, Ermənistan əhalisinin böyük hissəsi Azərbaycanın kəndlərinin geri qaytarılmasının tərəfdarıdır”.
Onun sözlərinə görə, Ermənistanda hərbi quruculuq prosesinin sürətlənməsi baş verərsə, bu o deməkdir ki, mövcud hökumət sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Lakin üçtərəfli görüşdə Ermənistana birbaşa hərbi yardımın göstəriləcəyindən bəhs edilməyib. Məntiq ondan ibarətdir ki, Ermənistana xaricdən maliyyə yardımı edilərsə, onun büdcə vəsaitinin daha çox hissəsi hərbi quruculuq prosesinə sərf olunacaq və həmin vəsaitlə xaricdən daha çox silah alınacaq. Bu fakt da Azərbaycanı narahat etməyə bilməz. Ermənistanda hərbi quruculuq prosesinin hansı formada həyata keçiriləcəyi isə yaxın vaxtlarda məlum olacaq.
M.Muradov Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevlə telefon danışığı zamanı Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulamasını diqqətçəkən məqam kimi qiymətləndirib. Ekspert bunun vacib amil olduğunu, torpaqlarımızın işğaldan azad edildikdən sonra Azərbaycanın yalnız öz vəsaiti hesabına minadan təmizləmə işlərini həyata keçirdiyini bildirib. Deyib ki, Azərbaycan minadan təmizləmə prosesinə külli miqdarda vəsait xərcləyir.
“Torpaqlarımızı minalayan Ermənistan dövləti buna görə hər hansı maddi məsuliyyətə cəlb edilməyib. Eyni zamanda, dəqiq mina xəritələrini hələ də Azərbaycana təqdim etməyib. Əgər Qərb ölkələri Ermənistanın inkişafı üçün birbaşa vəsait ayırırlarsa, simmetrik şəkildə Azərbaycana da vəsait ayırmaq ədalətli və daha məqsədəuyğun olardı. Hələ ki, Qərb ölkələri bu kontekstdə vacib mediator olaraq qalmaqdadır. Qərb dövlətləri ölkəmizə qarşı qərəzli olmadıqlarını və Azərbaycanın maraqlarını müdafiə etdiklərini sübuta yetirmək üçün ölkəmizə də maliyyə dəstəyi göstərməlidirlər”, – deyə M.Muradov vurğulayıb.