ABŞ-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
- İşçi qrupunun iclasında maliyyə və iqtisadi inkişaf nazirləri, Milli Bankın İdarə Heyətinin sədri və digər rəsmi şəxslərlə birgə siz də iştirak etmisiniz. İclasda iqtisadi, maliyyə və digər məsələlərlə yanaşı, ölkəmizdə korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması, məhkəmə-hüquq islahatları sahəsində görülən işlər də müzakirə olunmuşdur. Bu barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.
- Əvvəlcədən bildirim ki, səfərimiz qısamüddətli olsa da, çox dolğun və səmərəli keçdi. İstər iclas zamanı, istərsə də keçirilən digər görüşlərdə gündəliyə daxil olan məsələlər ətrafında faydalı müzakirələr aparıldı, Azərbaycanın sürətli iqtisadi inkişafı, ayrı-ayrı sahələrdə qazanılan uğurlar diqqətə çatdırıldı.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, məhkəmə-hüquq islahatı, yeni qanunvericilik əsasında məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin müstəqilliyinin artırılması, cəmiyyətdə məhkəmələrin rolunun daha da gücləndirilməsi üzrə görülən konkret işlər, o cümlədən demokratik əsaslarla Məhkəmə-Hüquq Şurasının formalaşdırılması, respublikamızda ilk dəfə olaraq Hakimlərin Seçki Komitəsinin yaradılması və bu yaxınlarda hakim vəzifələrinə namizədlərlə tam demokratik, şəffaf şəraitdə keçirilmiş imtahanlar barədə verdiyimiz məlumatlar çox böyük maraq və rəğbətlə qarşılandı.
Tədbirdə çırkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycanda beynəlxalq konvensiyalara uyğun mükəmməl hüquqi bazanın formalaşdırılması, nüfuzlu beynəlxalq təşkilatların rəyi nəzərə alınmaqla işlənilmiş müvafiq qanun layihəsinin artıq hazır olduğu barədə məlumat verildi.
-Məlumdur ki, iclasda ABŞ Ədliyyə Departamentinin məsul əməkdaşları da iştirak etmişlər. Onların müzakirə edilən məsələlərə münasibəti necə oldu?
- ABŞ-ın Ədliyyə Departamentinin məsul əməkdaşları - Avrasiya üzrə proqram meneceri xanım Ketrin Nyukomb və həmin departamentin Azərbaycandakı rezident-hüquq məsləhətçisi xanım Bet Srinan ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına yönəlmiş kompleks tədbirlərlə bağlı əldə olunan nəticələri müsbət qiymətləndirərək, hakimliyə namizədlərlə test və yazılı imtahanların keçirilməsində tam obyektivliyin və şəffaflığın təmin olunmasına görə ölkəmizi təbrik etdilər və tətbiq edilən yeniliklərin mütərəqqi əhəmiyyətini vurğuladılar. İmtahanların yüksək səviyyədə təşkil olunmasını və bu zaman heç bir nöqsana, narahatlıq doğuran neqativ hallara yol verilməməsini xüsusi razılıqla qeyd etdilər.
Görüşdə, həmçinin Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsi tərəfindən qısa müddətdə görülən işlər bəyənildi. Çirkli pulların yuyulması ilə bağlı Azərbaycanda müvafiq qanun layihəsinin hazırlanmasını müsbət qarşılayan həmkarlarımız bu mühüm sənədin tezliklə qəbul olunmasını arzuladılar.
Eyni zamanda, hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında qeydiyyat müddətinin qısaldılması və ümumən, bu prosedurun maksimum sadələşdirilməsi diqqətə çatdırıldı, respublikamızda sərmayə mühitinin daha da yaxşılaşdırılması məqsədi ilə görülən işlər və bu sahədə meydana çıxan problemlərin həlli məsələsi müzakirə olundu.
ABŞ Dövlət Departamentində keçirilən görüşdə Azərbaycanda hüquq sahəsində aparılan islahatların nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsi, bu sahədə ABŞ-ın ölkəmizdəki səfirliyi ilə sıx əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırıldı.
- Səfər barədə şəxsi təəssüratınız necədir?
- Təəssüratım çox zəngin və müsbətdir. Həm işçi qrupunun iclasında, həm də görüşlərdə müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən demokratik dəyişikliklər, iqtisadi, hüquqi və digər sahələrdə aparılan mütərəqqi islahatlar ABŞ-da tamamilə bəyənilir və dəstəklənir.
Sonda, imkandan istifadə edərək, səfərin yüksək səviyyədə təşkilinə və nümayəndə heyətinin üzvlərinə göstərilmiş diqqətə görə ölkəmizin ABŞ-dakı səfiri Hafiz Paşayevə və səfirliyimizin bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.