ABŞ Dövlət Departamentinin açıqlaması Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi daşıyır
Bakı, 17 aprel, AZƏRTAC
ABŞ Dövlət Departamentinin aprelin 16-da Azərbaycanla bağlı açıqlamasına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu açıqlama yalnız təəccüb doğurur.
H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasında qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub. Azərbaycanda heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Azərbaycan tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərə tam şəkildə əməl edilir.
Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub və onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib.
Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir.
ABŞ Dövlət Departamentinin qanunun aliliyindən kənar bu açıqlaması Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi daşıyır.
Beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə çağırış edən ABŞ ilk növbədə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına zidd şəkildə Azərbaycanın ərazilərini işğal edən Ermənistandan öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və zəbt olunmuş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını tələb etməlidir. İşğal və təcavüz siyasətinin davamı kimi Ermənistanın zəbt etdiyi Azərbaycan ərazilərində yenə də təxribatçı hərbi təlimlər keçirilir və ABŞ tərəfindən buna heç bir münasibət bildirilmir.
İnsan hüquqlarının müdafiəsi adı altında fərdi cinayət hallarına belə maraq göstərən ABŞ-ın Ermənistanın təcavüz və işğalı nəticəsində fundamental hüquq və azadlıqlarından məhrum olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün də hüquqlarının bərpasına lazımi diqqət ayırması daha təqdirəlayiq olardı.