ABŞ Senatında Baydenin əqli qabiliyyətləri ilə bağlı dinləmələr başlayıb

Bakı, 19 iyun, AZƏRTAC
ABŞ Senatı Birləşmiş Ştatların sabiq dövlət başçısı Cozef Baydenin prezident postunda olduğu dövrdə əqli qabiliyyətləri ilə bağlı dinləmələrə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, “Heritage Foundation” analitika mərkəzinin hüquq və texnologiya siyasəti üzrə elmi əməkdaşı Teodor Uold bunu ekspert iclasının gedişində deyib.
“Nəzarət layihəsi Cozef Bayden administrasiyasının əfvlər, əvəzetmələr, icra sərəncamları və prezident göstərişlərində dövlət başçısının yerinə “avtomatik imza”dan istifadə etdiyinə dair sübutlar tapıb. Araşdırmaya görə, administrasiya bundan ilk dəfə Cozef Baydenin prezidentliyinin beşinci günündə istifadə edib”, - deyə Teodor Uold bildirib.
Dinləmələrə həmsədrlik edən senator Con Korninin sözlərinə görə, onların məqsədi Cozef Baydenin prezidentliyi dövründə Ağ evdə baş verənlərə aydınlıq gətirməkdir. Respublikaçıların fikrincə, əvvəlki administrasiyanın hərəkətləri, eləcə də Baydenin səriştəsizliyi konstitusiya normalarının pozulmasına səbəb olub ki, bu da Birləşmiş Ştatları təhlükə altında qoyub.
Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Cozef Baydenin köməkçilərinin “avtomatik imza”dan istifadə etməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib. İddialara görə, Ağ evin sabiq rəhbəri uzun müddət idrak qabiliyyətinin zəifləməsindən əziyyət çəkib, onun köməkçiləri isə mühüm sənədləri və sərəncamları imzalamaq üçün xüsusi mexaniki cihazdan istifadə ediblər.