ABŞ təmiz enerji təşəbbüslərinə 20 milyard dollar ayırır
Bakı, 15 iyul, AZƏRTAC
Ağ Ev ABŞ-da təmiz enerji təşəbbüslərinin inkişafı üçün 20 milyard dollar ayırır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib.
O qeyd edib ki, ölkə tarixində yerli iqlim layihələrinin maliyyələşdirilməsinə ən böyük sərmayə qoyulur. “İtirdiyimiz vaxtı kompensasiya etməliyik. Biz bilirik ki, işimizi əhəmiyyətli dərəcədə sürətləndirməklə, emissiyaları azalda biləcəyik. Biz bunu təmiz enerji layihələrinə 20 milyard dollar ayırmaqla edəcəyik”, - deyə K.Harris vurğulayıb.
Harris xatırladıb ki, ABŞ Prezidenti Co Baydenlə birlikdə 2030-cu ilə qədər istixana qazlarını yarıyadək azaltmaq və 2050-ci ilədək sıfıra çatdırmaq üçün qarşıya “iddialı məqsəd” qoyublar.
Onun sözlərinə görə, tikinti şirkətləri bu sərmayədən istifadə edərək inşa olunacaq binalarda enerjiyə qənaət edən qurğuların quraşdırılması imkanlarına malik ola bilərlər. Bu da enerji istehlakını və sakinlərin enerji xərclərini azaltmağa kömək edəcək. Bundan əlavə, kiçik biznes sahibləri də elektriklə işləyən yük maşınları almaq üçün sıfır faizli kreditlər ala bilərlər. Harris əlavə edib ki, vəsaitin ayrılması dövlət və özəl müəssisələr arasında fəal əməkdaşlığı nəzərdə tutur və yeni iş yerlərinin açılmasına imkan verəcək.