Abşeron rayonunda dörd söyüd ağacının kökündən çıxarılması faktı aşkar edilib
Bakı, 24 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə Abşeron rayonu Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” ərazisində yaşıllığın məhv edilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı şəhərcikdəki yaşayış binasının qarşısındakı torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaşköküstə 4 söyüd ağacının kökündən çıxarıldığı və 2 söyüd ağacının zədələndiyi məlum olub.
Araşdırma zamanı həmin ərazinin “Binagadi Oil Company” şirkəti tərəfindən hasara alındığı aşkar edilib.
Faktla bağlı işin icrasına cavabdeh olan “Binagadi Oil Company” şirkətinin nümayəndəsi Rauf Bayramov barəsində protokol tərtib olunub. Qanun pozucusu inzibati qaydada 4000 manat məbləğində cərimə edilib və təbiətə dəymiş ziyana görə 480 manat məbləğində ziyan tətbiq olunub. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün şirkətə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Eyni zamanda tikintinin dayandırılması üçün Abşeron Rayon Polis İdarəsinə və “Binagadi Oil Company” şirkətinə müraciət olunub.