Abşeronda avtomobildə 19 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
Bakı, 8 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Elvin Quliyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin və metamfetamin aşkarlanıb.
E.Quliyev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.