Abşeronlular şəhidlərin xatirəsini daim əziz tuturlar
Xırdalan, 20 yanvar (AZƏRTAC). Abşeronlular Qanlı 20 Yanvar qırğınında həlak olmuş şəhidlərin xatirəsini daim əziz tuturlar. Xırdalan şəhərinin mərkəzindəki memorial kompleks də ölkəmizin və xalqımızın tarixinə şücaət və vətənpərvərlik səhifəsi yazan ölməz qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün ucaldılmışdır.
Sovet imperiyasının qanlı cinayətinin qurbanı olmuş yüzlərlə günahsız insanın həlak olmasının 21-ci ildönümü günündə Abşeron rayonu ictimaiyyətinin nümayəndələri anma mərasimi keçirmiş, şəhidlərin nurlu xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Abşeron rayon İcra hakimiyyəti başçısının müavini İradə Gülməmmədova 1990-cı il yanvarın 20-nə keçən gecə baş vermiş faciədən bəhs edərək əliyalın halda, sinələrini sipər edərək Vətənin suverenliyini müdafiə etməyə qalxmış insanların iradəsini, mərdliyini və qəhrəmanlığını xüsusi vurğulamışdır. O, ümummilli lider Heydər Əliyevin məşhur kəlamını xatırladaraq bildirmişdir ki, Qanlı Yanvar hadisələrinin günahsız qurbanlarının xatirəsini yaşatmaq Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Natiq qeyd etmişdir ki, məhz ulu öndər, əsl vətənpərvər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdandan sonra bu qanlı hadisələrə siyasi qiymət verilmiş, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalanmışdır. İ.Gülməmmədova vurğulamışdır ki, dövlətimiz bu gün də şəhidlərin ailə üzvlərinə və əlillərə qayğı göstərir. 20 Yanvar xalqımızın tarixinə təkcə hüzn günü kimi deyil, həm də şanlı qəhrəmanlıq səhifə kimi yazılmışdır.
Ölkəmizin iqtisadi sahədə qazandığı uğurlar, Azərbaycan Ordusunun gücü və döyüş hazırlığı, əsgərlərimizin göstərdiyi igidlik nümunələri bizdə belə bir əminlik yaradır ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq əmri olan kimi təcavüzkarın işğal etdiyi ərazilər azad olunacaq, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.
Abşeron rayon xalq teatrının iştirakçıları, rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivləri bədii kompozisiya nümayiş etdirdilər. Kompozisiyanın iştirakçılarının göstərdiyi səhnələşdirilmiş nümunələr xalqımızın mübariz ruhunu və qəhrəmanlıq əzmini, sovet imperiyasının bu mənfur əməlindən qəzəblənmiş və hiddətlənmiş soydaşlarımızın əhvalını əks etdirirdi. Kompozisiyanın leytmotivi belədir: zaman şəhidlərin xatirəsini yaddaşlardan silmir, bu cəsur insanların şöhrətini qoruyub saxlayır və gələcək nəsillərə çatdırır.