ADAU-da yaz semestrinin imtahan sessiyası start götürüb
Gəncə, 1 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2025/2026-cı tədris ilinin yaz semestri üzrə imtahan sessiyası başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların təşkili, prosesə nəzarətin gücləndirilməsi və qiymətləndirmənin obyektivliyinin qorunması məqsədilə universitetdə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.
Sessiya dövründə imtahanların şəffaf və ədalətli keçirilməsinin təmin olunması üçün ictimai nəzarət mexanizmləri də tətbiq edilir. Belə ki, valideynlər, media qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri imtahan prosesini müşahidə etmək imkanına malikdirlər.
Qiymətləndirmə zamanı tələbələrin bilik və bacarıqlarının daha əhatəli müəyyənləşdirilməsi məqsədilə imtahanlar yazılı və test üsulu ilə keçirilir.
Universitetin rektoru Zəfər Qurbanov sessiyanın gedişi ilə tanış olmaq üçün imtahan auditoriyalarında olub. O, tələbələrlə görüşərək onlara müvəffəqiyyət arzulayıb və bildirib ki, imtahanların yüksək səviyyədə təşkili üçün bütün hazırlıq tədbirləri vaxtında həyata keçirilib. Rektorun sözlərinə görə, sessiya müddətində tələbələrin müraciətlərinə operativ baxılması, eləcə də imtahan nəticələri ilə bağlı yarana biləcək məsələlərin çevik şəkildə araşdırılması üçün İmtahan Qərargahı fasiləsiz fəaliyyət göstərəcək.
Müxbir - Elcan Məmmədov