Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür
Pekin, 1 iyun, AZƏRTAC
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlərin sürətlə inkişaf etdiyi bir dövrdə elm və təhsil müəssisələri arasında da əlaqələrin genişlənməsi labüddür. Ölkə rəhbərimizin Çin Xalq Respublikasına səfərlərinin əhəmiyyəti çox böyükdür. Bu, iki ölkə arasındakı iqtisadi-siyasi münasibətlərlə yanaşı, insanlar və təhsil müəssisələri arasındakı yaxınlığı da labüd edir. Bu baxımdan Bakı Slavyan Universitetinin Çin universitetləri ilə əlaqələrinin genişlənməsi də bugünkü günün tələbinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev deyib. O, Çin universitetlərinin həm qlobal reytinq sıralamalarında tutduğu yerləri, həm də müasir təhsil, elm və innovasiyalara gətirdikləri yenilikləri vurğulayıb. “Bizim tərəfdaşlıq etməyə çalışdığımız ali təhsil müəssisələri içərisində Pekin Xarici Dillər Universiteti (PXDU) ilk sırada duran universitetlərdən biridir. Biz bu universitetin rəhbərliyi ilə görüş keçirdik. Universitet bütövlükdə Azərbaycan dilinə və daha geniş mənada Azərbaycana marağı ilə seçilən ali təhsil müəssisələrindən biridir. Artıq uzun illərdir ki, bu universitetdə Azərbaycan dili kafedrası fəaliyyət göstərir və burada müxtəlif layihələr, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox tədbirlər və layihələr həyata keçirilməkdədir”, - deyən rektor bildirib. Qeyd edib ki, bu kontekstdə həm Azərbaycan dilinin tədrisinin bu təhsil ocağında sonrakı inkişafına metodoloji dəstək vermək baxımından, həm də daha geniş ikitərəfli əlaqələrin qurulması, təhsil, müqayisəli təhsil, komporativ linqvistika məsələləri, müasir innovativ həllərin tətbiqi ilə dil və bütünlükdə öyrənmənin genişləndirilməsi baxımından BSU ilə PXDU arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. A.Nağıyev bildirib ki, PXDU Bakı Slavyan Universitetini özünün rəhbərlik etdiyi böyük bir universitetlər alyansına üzvlüyə dəvət edib. “Düşünürəm ki, bu, Bakı Slavyan Universiteti ilə Pekin Xarici Dillər Universiteti arasında əməkdaşlıq üçün də tamamilə yeni bir mərhələdir”, - deyə rektor əlavə edib.
A.Nağıyev Çinin digər ali təhsil ocaqları ilə də müasir dillərin öyrənilməsi, müəllim-tələbə mübadilələri, beynəlxalq layihələrin birgə təşkili, birgə elmi-tədqiqatların aparılmasının, bütövlükdə əməkdaşlığın istənilən spektrləri ilə bağlı əlaqələrin genişləndirilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb.