ADAU-da yeni kənd təsərrüfatı ixtisasları açılacaq
Gəncə, 3 aprel, Elcan Məmmədov, AZƏRTAC
“Azərsun Holding”in kənd təsərrüfatı üzrə baş direktoru Mohammad Gözəl və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektoru Zəfər Qurbanov ilə keçirilən görüşdə kadr və mütəxəssis hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Daha sonra Elm və Təhsil Nazirliyinin ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaratdığı Komissiyanın tərkibində formalaşdırılmış kənd təsərrüfatı ixtisasları üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İclasda ADAU-nun rektoru, işçi qrupunun həmsədri Zəfər Qurbanov indiyədək görülmüş işlər və qarşıda duran məsələlər barədə danışıb.
İşçi qrupunun həmsədri Mohammad Gözəl iclasın gündəliyinə diqqət çəkib.
Daha sonra işçi qrupunun üzvü, ADAU-nun tədris şöbəsinin müdiri, dosent Elay Zeynallı altişçi qruplarının müzakirə nəticələrini təqdim edib. O bildirib ki, proqram üzrə təsdiqi təklif edilən ixtisaslaşmalar müəyyən edilərkən ali təhsil müəssisələri və əmək bazarının təklifləri ilə yanaşı, xüsusilə elmi-tədqiqat institutlarının və xarici ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmaları əsas götürülüb.
İşçi qrupunun müzakirələri nəticəsində kənd təsərrüfatı ixtisasları üzrə bir neçə yeni ixtisaslaşmaların əlavə olunması, bəzilərinin adının dəyişdirilməsi, bəzi ixtisaslaşmaların isə ləğv olunmasına qərar verilib.
Qeyd edək ki, bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi, heyvandarlıq elmləri və zoomühəndislik ixtisasları üzrə isə ilk dəfə magistratura səviyyəsində ixtisaslaşmalar müəyyən edilib. Sonda kənd təsərrüfatı ixtisasları üzrə ixtisaslaşmaların siyahısı səsvermə ilə təsdiq edilib.
Görüşdən sonra qonaqlar Aqrar Universitetin müasir laboratoriyaları ilə yaxından tanış olub, Gəncə Dövlət Aqrar Kollecində olublar.