Adıyaman parklarının birinə Qarabağ adı veriləcək
Bakı 16 aprel, AZƏRTAC
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Adıyaman bələdiyyəsinin sədri Fehmi Hüsrev Kutlu ilə görüşüb.
Gorüşdə Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşdığını bildirərək, Adıyamanla Azərbaycan bölgələrindən birini qardaş olaraq görmək istədiyini deyib. Deputat bələdiyyə sədri ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı da fikir mübadiləsi aparıb. O, Adıyamanın mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına əminliyini bildirib və bunun əhəmiyyətindən danışıb.
Fehmi Hüsrev Kutlu Adıyaman bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət yetirəcəyini, qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. “Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır” - deyən bələdiyyə sədri Adıyamanda Qarabağın adını daşıyan parkın olması təklifini müsbət qiymətləndirib və yaxın zamanlarda bu məsələnin reallaşacağını deyib.
Müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan deputat kitabın növbəti hissələrində Adıyamanın da yer alacağını bildirib.
Qənirə Paşayeva Fehmi Hüsrev Kutluya Azərbaycan tarixi və mədəniyyətini, Qarabağ həqiqətlərini əks etdirən kitablar, filmlər hədiyyə edib.