“ADY Express” daha bir dünya nəhəngi ilə əməkdaşlığa başlayıb
Bakı, 25 may, AZƏRTAC
“ADY Express” MMC şirkəti Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə növbəti yüklərin daşınmasına start verib. Rusiyanın nəhəng sənaye şirkətlərindən sayılan “Mechel” şirkətlər qrupu ilə əməkdaşlığa başlanılıb. “Mechel” şirkəti kömür mədənçiliyi, metallurgiya, enerji, logistika sahəsində 20-dən artıq müəssisəni birləşdirir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, əməkdaşlığa dair razılaşma, aprel ayında Moskvada keçirilən “TransRussia - 2021” nəqliyyat və logistika sərgisi çərçivəsində aparılan danışıqlar zamanı əldə olunub. Beləliklə, “Mechel-Trans” şirkəti (Mechel Qrupunun bir hissəsi) ilə “ADY Express” MMC arasında müqavilə imzalanıb.
“ADY Express” MMC “Mechel” şirkətinə məxsus məhsulların Gürcüstana nəqlini həyata keçirəcək. Artıq ilk yükdaşıma baş tutub. Rusiyanın “Beloretsk” stansiyasından göndərilən polad tellər yükü, 3241 kilometr məsafəni qət edərək Gürcüstanın Tbilisi-Tovarnaya stansiyasına çatdırılıb. İlk yükün həcmi 136 ton təşkil edib, yükgöndərən isə “Mechel” şirkətlər qrupuna aid olan “Beloretsk metallurgiya kombinatı”dır.
Ötən il “Mechel” şirkəti 3,7 milyon ton polad və 3,5 milyon ton çuqun istehsal edib.