AFFA-da FİFA Connect layihəsi ilə bağlı ilk görüş təşkil edilib
Bakı, 29 mart, AZƏRTAC
2009-cu ilin yanvarından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb.
AZƏRTAC xəbər verir ki, 2016/2017-ci il mövsümündən isə FİFA Connect proqramı tətbiq olunacaq. FİFA Connect proqramının tətbiqi qeydiyyat prosesinin onlayn şəkildə hər bir klub və ya oyunçu tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Məhz bu səbəbdən 2016/2017-ci il mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbər şəxsləri (məşqçilər, klub nümayəndələri və s.) ilə görüşlər keçiriləcək.
FİFA Connect layihəsinin ilkin təqdimatı, dəyişən qeydiyyat qaydaları haqda məlumatın verilməsi, sənədlərin qeydiyyata daxil edilmə yerlərinin və tarixlərinin elan edilməsi məqsədilə martın 29-da AFFA-nın inzibati binasında ilk görüş təşkil olunub. Növbətin görüşün isə iyunda keçirilməsi nəzərdə tutulub.