AFİNADA XII PARALİMPİYA OYUNLARI START GÖTÜRMÜŞDÜR
AZƏRTAC xarici informasiya mənbələrinə istinadla xəbər verir ki, Oyunların təşkilatçıları və Yunanıstan paytaxtının hakimiyyət orqanları Paralimpiyanın iştirakçılarına və qonaqlarına Afinada yaxşı şərait yaratmağa çalışmışlar. Afinanın “Elefterios Venizelos” hava limanında hərəkətetmə imkanları məhdud olan insanlar üçün uyğunlaşdırılmışdır. Qeydiyyat aparılan yerlər, keçidlər, hava limanının salonları, tualetlər, əlil arabacıqlarından istifadə edənlər üçün uyğun şəklə salınmışdır. İdmançıların qaldıqları Olimpiya kəndində yaşayış otaqları, yeməkxanalar, səkilər də əlillərin rahatlığı üçün lazım olan hər şeylə təchiz edilmişdir. Afinada ictimai nəqliyyat da Paralimpiya iştirakçıları üçün rahat olacaqdır. Şəhər avtobuslarının dayanacaqlarında korlar üçün xüsusi səsucaldıcılar qoyulmuş və onların vasitəsilə avtobusun gəlməsi və nömrəsi bildirilir. Şəhər nəqliyyatında növbəti dayanacağı iki dildə - yunan və ingilis dillərində elan edirlər. Avtobusların və trolleybusların əksəriyyətində əlil arabacıqları üçün xüsusi meydançalar ayrılmışdır. Afinadakı metro stansiyalarının, demək olar, hamısında quraşdırılmış liftlər ahıl sərnişinləri və əlilləri küçədən birbaşa perrona çatdırır.
Xatırladaq ki, indiki Oyunlarda Azərbaycan idmanın dörd növündə - güllə atıcılığı, yüngül atletika, pauerliftinq, cüdo növlərində 11 idmançı ilə təmsil olunmuşdur. Sidneydə ötən Paralimpiya oyunlarında Azərbaycan paralimpiyaçılarının cəmi 7 lisenziyası vardı.