Ağ ev bu ilin yanvarında Kapitoliyə hücumu terror aktı adlandırıb
Vaşinqton, 17 iyun, AZƏRTAC
Ağ evin dərc etdiyi hesabatda Tramp tərəfdarlarının yanvarın 6-da Kapitoliyə hücumu “ölkə daxilində terror hücumu” adlandırılıb.
AZƏRTAC xəbər verir ki, Bayden administrasiyasının hesabatında federal orqanlar ilə özəl internet şirkətləri arasında əməkdaşlığın gücləndirilməsinə çağırış da öz əksini tapıb, həmçinin ABŞ Ədliyyə Nazirliyinə daxili terrorçuluğa qarşı mübarizə haqqında yeni qanunun qəbul edilməsi barədə tapşırıq verilib.
Kapitolidə qiyam 1921-ci ildə, Talsada yürüşlərdə 300-dək insanın ölümü ilə nəticələnən qətliam, 1995-ci ildə Oklahoma-Sitidə 168 nəfərin ölümü ilə nəticələnən partlayışla yanaşı daxili terrorçuluq nümunəsi kimi təsvir edilir. Hesabatda deyilir ki, “cəmi bir neçə ay bundan əvvəl, 2021-ci il yanvarın 6-da amerikalılar demokratiyamızın əsas təsisatına - ABŞ Konqresinə görünməmiş hücumun şahidi oldular”. “Terrorçuluq” termini siyasi motivlər üzrə zorakılıqdan istifadəni geniş müəyyən etdiyinə baxmayaraq, 6 yanvar hadisələrinin təsviri üçün istifadə olunan terminologiya tez-tez diskussiyalara səbəb olur. Məsələn, bəzi siyasətçilər “qiyam” terminindən istifadə edirlər, onların opponentləri isə bunu ifrata varmaq hesab edirlər. İğtişaşlar barədə bir çox detallar, o cümlədən hansısa iştirakçıların Kapitolinin təhlükəsizlik perimetrinin pozulmasını qabaqcadan planlaşdırmalarının təfsilatı hələ ki, naməlum qalır.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da ABŞ-ın 45-ci Prezidenti Donald Trampın 2020-ci il Prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdlərini dəstəkləyən etirazçılar dəstəsi hakimiyyət orqanlarının icazəsi olmadan ABŞ Kapitolisinə daxil olublar. Təhlükəsizlik xidmətlərinin dəhlizi vasitəsilə içəri soxulan iğtişaşçılar binanın bir hissəsini bir neçə saatlığa nəzarət altına alıblar. Aparıcı KİV-lərin və siyasətçilərin bəyanatlarına görə, iğtişaşlara bilavasitə bu hadisədən əvvəl Trampın mitinqdə səsləndirdiyi şərhlər səbəb olub. Kapitoliyə hücum təxliyə və binanın bağlanması, həmçinin seçicilərin səslərinin hesablanması və seçkilərdə Baydenin qələbəsinin rəsmən qeydiyyata alınması üçün Konqresin birgə sessiyasının pozulması ilə nəticələnib.
AZƏRTAC-ın Vaşinqton bürosu