Ağacdan asılan şəhid bayrağı
Bakı, 23 iyun, AZƏRTAC
Vətən müharibəsinin ilk günündən silaha sarılan Cəmil Əflatun oğlu Həşimli Cəbrayıl, Xocavənd və Füzulinin azad olunması uğrunda döyüşüb. Ötən il oktyabrın 5-də Füzuli uğrunda gedən döyüşlər zamanı düşmən snayperinin gülləsi onun ürəyinə tuş gəlib.
AZƏRTAC xəbər verir ki, Cəmil Həşimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Cəmil 1995-ci il avqustun 11-də Kürdəmir rayonunda anadan olub, rayondakı Famil Həşimov adına 3 saylı tam orta məktəbi bitirdikdən sonra 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılaraq sərhədçi kimi Vətən qarşısındakı əsgəri borcunu yerinə yetirib.
Onlar ailədə üç qardaş olublar. Böyük qardaşı Mərahim Vətən müharibəsi qazisidir, kiçik qardaş Cavid isə həqiqi hərbi xidmətini davam etdirir. Cəmil onların ortancıl qardaşıdır.
Cəmilin anası Simuzər Bağıyeva şəhid ailəsinə göstərilən dövlət qayğısından danışarkən qeyd edib ki, “YAŞAT” Fondu tərəfindən yardım alıblar: “Əlavə olaraq, dövlət maddi yardım göstərib. Ümid edirəm, dövlətin dəstəyi ilə oğlum Mərahim üçün yeni iş imkanı da yaradılcaq”.
Övladlarını tək böyüdən şəhid gizirin anası Simuzər Bağıyeva Cəmilin Vətəni çox sevdiyi üçün hərbçi olmağa qərar verdiyini söyləyib: “Əsgərlikdən qayıdandan sonra hərbi sahəyə marağı xeyli artmışdı. Aprel döyüşləri zamanı hərbi təlimlər keçmək üçün Bakıya yollandı. Mərahim zabit, Cəmil isə gizir kurslarına yazıldı. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun qrupunda kursu bitirdikdən sonra Lələtəpə istiqamətində yerləşən hərbi posta xidmətə göndərildi. Cəmil elə o vaxtdan polkovnik Şükür Həmidovu özünə ideal seçdi, həm də onun kimi cəsur və cəsarətli idi”.
Anasının dediyinə görə, Cəmildə bayrağa qarşı sevgi var imiş: “Aprel döyüşlərində şəhid olan Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbu Bəkir İsmayılovun dəfnindən evə qayıdanda özü ilə bayraq gətirmişdi. Bayrağı həyətimizdəki ağaca sancıb dedi: “Ana, bu bayrağı mən şəhid olanda dəyişib, əvəzində mənim üstümə sərilən bayrağı bura sancarsan”…
Oktyabrın 5-də oğlunun şəhid olduğunu eşidən ana Cəmilin arzusunu yerinə yetirir. Həyətdəki ağaca Cəmilin bayrağını sancır…