Ağdam rayonunda əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib



Bakı, 12 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbirləri Ağdam rayonunun mərkəzində, Ağdam Sənaye Parkında və Gövhərli kəndində təşkil olunub.
DƏMX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təmin olunmasına dövlət dəstəyinin davamı olaraq həyata keçirilir.
Ağdam rayonunda təşkil edilən növbəti maarifləndirmə tədbirlərində ümumilikdə 8 müəssisədən 789 rəhbər və işçi heyəti iştirak edib.
Mərkəz tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində təqdim olunan xidmətlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, əməyin mühafizəsi sahəsində təsdiq edilmiş yeni dövlət standartlarının tələbləri və tətbiq sahələri ilə bağlı məlumatlar işəgötürənlərin diqqətinə çatdırılıb.
Tədbirlər zamanı iştirakçılar dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları barədə ətraflı məlumatlandırılıblar.
Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, həmçinin onların sualları cavablandırılıb.
Tədbirlərdə DƏMX-nin tabeliyində "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxs, ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edib, fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işi aparıblar.
Qeyd edək ki, maarifləndirmə tədbirlərinin işğaldan azad olunmuş digər ərazilərdə də keçirilməsi nəzərdə tutulur.