Ağdamda aşkarlanan kütləvi məzarlıq erməni cinayətlərinə dair növbəti faktdır - İcraçı direktor
Bakı, 19 iyun, AZƏRTAC
Torpaqlarımız işğaldan azad edildikdən sonra ermənilərin uzun illər həmin ərazilərdə apardıqları maddi və mənəvi vandallığın yeni-yeni nümunələri ilə qarşılaşırıq. Həmçinin ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar aşkarlanıb. Son günlərdə Ağdamda aşkarlanan kütləvi məzarlıq erməni cinayətlərinə dair növbəti faktdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov söyləyib.
O bildirib ki, bu gün də dünya ictimaiyyətini aldatma cəhdlərindən əl çəkməyən Ermənistan etdikləri vəhşilikləri gizlətməyə çalışsa da, bu cür vandallıqları ört-basdır edə bilmir. Özünü Qafqazın "ən insanpərvər" xalqı kimi qələmə verən ermənilər türk xalqına münasibətdə hər zaman qəddar davranıb, dinc sakinlərə qarşı amansızlıq ediblər.
“Ermənistanın bu cinayətlərə görə beynəlxalq miqyasda məsuliyyətə cəlb olunması istiqamətində atılan addımlar daha da intensivləşməlidir. Azərbaycan xalqının, dövlətinin gücünə bir daha yaxından bələd olan Ermənistan xülyalardan əl çəkməli, qonşuları ilə sülh şəraitində yaşamağın vacibliyini dərk etməli və bunu öz cəmiyyətinə də aşılamalıdır”, - deyə icraçı direktor vurğulayıb.