Ağdaş Rayon Mərkəzi Xəstəxanasında mülki müdafiə məşqi keçirilib
Ağdaş, 23 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
AZƏRTAC xəbər verir ki, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasından ibarət olub.
Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin xəstəxana ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Təşkil olunan məşqdə, ümumilikdə, 8 texnika və 160 nəfərdən ibarət şəxsi heyət iştirak edib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.