Ağdaşlı rəssam: Laçın dirçəlir, yenidən öz əsrarəngiz gözəlliyini bizə nümayiş etdirir
Laçın, 26 avqust, Gülay Nəzərova, AZƏRTAC
Biz bu gün doğma Qarabağ torpağında, həsrət qaldığımız elimizdə, obamızdayıq. Hər dəfə doğma yurdumuz haqqında danışanda kövrəlirəm. Yaralar bağlamış Laçının torpağı üzərinə bu gün doğma övladları ayaq basdıqca bu gözəllikləri sağalmış vəziyyətdə görürük. Bu gün Laçın bizə qürurla baxır, deyir ki, mən bu gün çox xoşbəxtəm.
Bunu AZƏRTAC-a açıqlamasında Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon mədəniyyət mərkəzinin rəssamı Məlahət İsmayıllı deyib.
O, gözəl bayram günündə “Qoçdaş” interaktiv sərgisində öz əl işini nümayiş etdirir. Çəkdiyi rəsm təsviri barədə məlumat verən rəssam bildirib ki, “Qoçdaş”ın bir hissəsində 30 il əvvəl doğma yurdlarından ayrı düşmüş gənc yeniyetmələrin rəsmi, digər hissəsində isə 30 il sonra həmin uşaqların baba və nənə olaraq doğma yurdlarına geri dönmüş təsvirləri əks olunub.
“Bu gün gözəl Laçında bu rəsmi təsvir etdiyim üçün çox xoşbəxtəm. Bir vaxtlar uşaq, gənc, yeniyetmə olaraq öz doğma torpaqlarından didərgin düşənlər bu gün öz övladları və nəvələri ilə birgə böyük qürur hissi keçirərək geri dönüblər. Laçın dirçəlir, yenidən öz əsrarəngiz gözəlliyini bizə nümayiş etdirir. Bu “Qoçdaş” üzərindəki rəsm təsviri də məhz bu gün Laçına qayıdanların bir təsviridir”, - deyə rəssam vurğulayıb.
M.İsmayıllı diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələr, şəhidlərimizin qanı bahasına azad edilmiş şəhərlərimiz, kəndlərimiz bu gün yenidən bərpa-quruculuq işləri ilə öz gözəlliyinə geri qayıdır: “Həmişə yurdumuzda sülh, sevgi və firavanlıq olsun”.