AĞDAŞLILAR PREZİDENT HEYDƏR ƏLİYEVİN ADININ ƏBƏDİLƏŞDİRİLMƏSİNİ TƏKLİF EDİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əmək kollektivlərindən rayon icra hakimiyyətinə çoxsaylı müraciət və təkliflər daxil olmuşdur. Bunları araşdırmaq üçün rayonda komissiya yaradılmışdır. Komissiya daxil olan təklif və müraciətləri ümumiləşdirərək müvafiq orqana göndərir.
Rayon sakinləri şəhər mədəniyyət və istirahət parkına Heydər Əliyevin adının verilməsini, onun abidəsinin ucaldılmasını və muzey yaradılmasını, 3 nömrəli orta məktəbin, Ləki qəsəbə məktəbinin xalqımızın böyük oğlunun adını daşımasını arzulayırlar.
Xosrov kəndinin sakinləri də burada ümummilli liderimizin abidəsinin qoyulmasını istəyirlər.
Məktəblərdə əlaçı şagirdlərə Heydər Əliyev təqaüdü verilməsini təklif edən müəllim və valideynlər, eyni zamanda, hər bir məktəbdə də Heydər Əliyev muzeyinin təşkil olunmasını xahiş edirlər.
Şəhərdə ən böyük küçəyə Heydər Əliyevin adının verilməsi, bu küçənin prospektə çevrilməsi təklifi də müzakirə olunur.