Agentlik iyul ayı üçün diplomların tanınması üzrə statistikanı açıqlayıb
Bakı, 6 avqust, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün tanınma üzrə statistik məlumatları açıqlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, iyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Mənfi qərarla yekunlaşan müraciətlərə misal olaraq 78 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması, 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 5 dövlət nümunəli olmayan transkript (qismən tanınmaya münasibətdə), 5 dövlət nümunəli olmayan diplom, 4 təhsilalma forması, 3 əhəmiyyətli fərq (kredit sayı), 3 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 2 tədris yükü, 1 bakalavr diplomuna imtina verilməsi səbəbilə, 1 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olmanı göstərmək mümkündür.
Ötən ay ölkələr üzrə Türkiyədən 285, Rusiyadan 228, Ukraynadan 55, Birləşmiş Krallıqdan 28, Gürcüstandan 25, Konqo və Çin Xalq respublikalarının hər birindən 8, İtaliyadan 6, Macarıstandan və Polşadan hər birindən 5, Belarus, Latviya və Almaniyadan hər birindən 4, ABŞ, Fransa, Qazaxıstan və Çexiyadan hər birindən 3, İran, Niderland və Belçikadan hər birindən 2, Estoniya, Koreya, Litva, Özbəkistan, Slovakiya, Əlcəzair, Somali və Pakistan, Kanada, İspaniya və İordaniyadan hər birindən 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 173, iqtisadiyyat üzrə 46, biznesin idarə edilməsi üzrə 44, maliyyə üzrə 30 müraciət qeydə alınıb.