Ağsu və Şirvanda miqrasiya xidmətləri səyyar qaydada göstərilib
Bakı, 17 avqust, AZƏRTAC
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Ağsu və Şirvan regional miqrasiya idarələri tərəfindən sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Ümumilikdə 10 nəfər səyyar xidmətlərin imkanlarından istifadə edib. Səyyar xidmətlər zamanı şəxslərə müvafiq icazə vəsiqələri təqdim edilib. Həmçinin müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilərək icraata götürülüb.
Eyni zamanda şəxslərə miqrasiya qanunvericiliyinin tələbləri izah edilib.